ITE və ADA universiteti olimpiada qaliblərini mükafatlandırdı

Təhsil Nazirliyi,  ADA Universiteti, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi, British Council, Oxbridge Academy, Bakı Şəhər Təhsil İdarəsi,  “Fokus” tələbə klubunun tərəfdaşlığı ilə “Akademik Məqsədlər üçün II Ingilis Dili Olimpiada”sı uğurla başa çatmışdır.

Belə ki, olimpiada qaliblərin mükafatlandırılması 8 may 2017-ci il tarixində saat 16:00-da ADA Universitetində həyata keçirilmişdir. Tədbirə yuxarıda adıçəkilən tərəfdaşlarla yanaşı, Olimpiadada yüksək nəticə göstərmiş 50 məktəbli, onların ailə üzvləri və təmsil etdikləri məktəb nümayəndələri iştirak etmişlər.

Bakı şəhəri üzrə ümum təhsil məktəblərində təhsil alan 1132 şagirdin iştirak etdiyi olimpiadanın final turunda 108 şagird mübarizə aparıb. Olimpiada zamanı şagirdlərin ingilis dilinin qrammatikası üzrə bilikləri və mətni oxuyub anlama, dinləmə və esse yazma qabiliyyətləri yoxlanılıb.

İlk üç yerin sahibi mükafatlandırma mərasimi zamanı adları açıqlanacaq “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi, ADA Universiteti və müvafiq tərəfdaşlar tərəfindən mükafatlandırılmışlar. Qeyd edək ki, birinci yerin sahibi paytaxtdakı 212 nömrəli tam orta məktəbin şagirdi Fikrət Əmirbəyli British Council-dan Böyük Britaniyada Berlitz Mançester məktəbi tərəfindən iki həftəlik ingilis dili proqramı və “ADA” Universitetində ingilis dili üzrə yay məktəbində ödənişsiz iştirak etmək imkanı qazanmış oldu. Bundan əlavə, olimpiada qalibinin müəlliminə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin təqdim etdiyi təlim proqramlarının istənilən birində ödənişsiz iştirak etmək imkanı təklif olundu.

İkinci yerin sahibi ‘Təhsildə İnnovativ Texnologiyalar’ Əlavə Təhsil Mərkəzindən noutbuk və “ADA” Universitetində ingilis dili üzrə yay məktəbində iştirak, üçüncü yerin sahibi isə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzindən planşet və “ADA” Universitetində ingilis dili üzrə yay məktəbində iştirak əldə etmiş oldular. İlk on yerin sahiblərinə digər həvəsləndirici mükafatlar ilə təltifləndirildilər.

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, şagirdlərin müvafiq bilik və bacarıqlarını sınaqdan keçirmək, istedadlı şagirdləri aşkar etmək və onların əldə etdikləri xarici dil biliklərini möhkəmləndirməkdən ibarətdir.

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidməti

 


Qalereya