Azərbaycan təhsilində yeni yanaşma – mentorluq xidməti

Ölkəmizin təhsilində müasir müəllimin peşəkar inkişafına, təkmilləşdirilməsinə xüsusi diqqət ayrılır. Belə ki, müəllimlər müxtəlif məzmunlu nəzəri və praktik bacarıqlar formalaşdıran təlimlərə cəlb olunurlar. Lakin müəllimlər tədris prosesində təlimdən əldə etdikləri bilik və bacarıqların tətbiqində bir çox problem və çətinliklərlə qarşılaşırlar. Bu isə öz növbəsində təhsil müəssisələrində mentorluq xidmətinin genişləndirməsi zərurətini yaradır.
Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, təhsilverənlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması, mentorların onlara dəstək göstərməsi, iş prosesi zamanı onlara baş çəkməsi, əməkdaşlıq etməsi, rəy verməsi və fikir yürütməsi təhsildə, məktəbdə perspektivləri təmin edir.
ITE (Təhsildə İnnovativ Texnologiyalar) əlavə təhsil mərkəzi  inzibati-idarəetmə və pedaqoji heyətin səriştəliliyinin artırılması istiqamətində davamlı olaraq innovativ layihələr və xidmətlər təklif edir. Oktyabr ayından başlayaraq Bakının  ümumi təhsil məktəblərində ITE əlavə təhsil mərkəzinin xüsusi təlimlərindən keçmiş mentorları tərəfindən mentorluq xidməti təşkil olunmuşdur. Mentorluq xidmətin əsas məqsədi müxtəlif təlimlərdən keçmiş müəllim və inzibati-idarəetmə həyətinə İKT-nin təhsilə tətbiqi və peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində dəstəyin göstərilməsidir. Mentorluq xidməti çərçivəsində müəllimlər tədris prosesində İnformasiya Kommunikasiya Texnologiyaları, interaktiv lövhə (Promethean, Mimio, Smartboard və s.) texnologiyasını tətbiq edəcək, elektron məzmundan istifadə etməklə dərslərini şagirdlərinin maraqlarına uyğun quracaqlar. İnzibati-idarəetmə heyəti məktəbin idarəolunmasında vacib olan İKT və yeni texnologiyaların imkanlarından istifadə edərək məktəbin inkişafını təmin edəcəklər.
Azərbaycanda təhsilin inkişafına dəstək verən ITE əlavə təhsil mərkəzi təhsilverənlərin peşəkarlığının artırılması və təkmilləşdirilməsi məqsədi ilə təhsildə mentorluq xidmətinin genişləndirilməsi təşəbbüsünü irəli sürür.