XXI əsrin tələbləri. Müasir təlimin xüsusiyyətləri.

Biz XXI yüzilin ilk illərini yaşayırıq. Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr XXI yüzilin son illərinin dünyəvi məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar. Bildiyimiz kimi, məktəb cəmiyyətin sosial sifarişini yerinə yetirməlidir: şagirdləri dərin və hərtərəfli biliklərlə təmin etməli, onlarda bacarıq və vərdişlər, eyni zamanda özünəinam formalaşdırmalı, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan şəxsiyyət yetişdirməlidir.                     

Dünyanın pedaqoq alimlərini daim bir məsələ düşündürür. «XXI əsrdə məktəb necə olmalı və hansı rolu oynamalıdır ki, insanları həyata və əməyə hazırlaya bilsin?». Görkəmli Amerika pedaqoqu Filipp Şlexti özünün «XXI əsrin məktəbi. Təhsil islahatının prioritetləri» əsərində yazır ki, o, sahibkarlarla, iş adamları və məktəb funksionerləri ilə çoxsaylı sorğular aparmış və onlardan belə bir suala cavab istəmişdir? «Siz məktəbdən nə istəyirsiniz?» - cavab isə belə olmuşdur: «Bizə elə insanlar lazımdır ki, onlar müstəqil, sərbəst öyrənməyi bacarsınlar». Bu sorğunun nəticəsi onu bildirir ki, müasir cəmiyyətə   müstəqil öyrənməyi, məqsədinə çatmaq üçün yollar tapmağı, bu və ya digər problemləri həll etməyi və problemin həlli üçün müxtəlif müasir informasiya mənbələrindən istifadə etməyi bacaran şəxsiyyətlər lazımdır.

Məhz bütün bunları nəzərə alaraq müasir ümumtəhsil məktəblərində dünya standartlarına cavab verə biləcək yeni pedaqoji və metodik yanaşmalar, yeni metodik düşüncə tərzi lazımdır.

Bu istiqamətdə qarşımızda duran əsas vəzifələrdən biri də yeni informasiya texnologiyalarının təhsilə vaxtında və səmərəli tətbiqidir. Məlumdur ki, ilk addımlar məktəb səviyyəsində atılmalıdır. İKT məktəblinin müstəqil qavrama qabiliyyətini təmin etmək üçün  yeni imkanlar açır. Bununla əlaqədar olaraq müəllimin rolu da dəyişir: o, təhsil prosesinin konsultantı, koordinatoru olur. Onun məqsədi məktəblilərdə qərar qəbul etmə bacarığını dəstəkləmək və inkişaf etdirmək, öyrənilən mövzuların məqsədini anlamaq və mühakimə etməkdir. Bu yetərincə çətin pedaqoji tapşırıqlardır - onların mənasını  qiymətləndirməmək olmaz. Burada İKT katalizator rolunu oynayır, onlar uşaqları yeni biliklərə sövq etməyə kömək edir. Əgər şagirdə bu və ya digər mövzunun məzmunu aydındırsa, onun sualı yarana bilər: məhz “nə?” və “nə üçün?” öyrənmək lazımdır. Biliyə həvəsin kökündə həyati maraq dayanır: “hansı biliklər mənə daha çox lazımdır, hansı metodların köməyi ilə mən bu bilikləri əldə edə bilərəm?”. Beləliklə, İKT biliyə can atmaqla digər həyati vacib məsələlərin qərarı arasında bənd rolunu oynayır.

Şagirdlərin fasiləsiz təhsilə yolu  müəllimlərin fasiləsiz təhsilindən keçir. İKT-nin məktəb praktikasında istifadəsi ilə bağlı olaraq  müəllimin rolu dəyişməlidir. Belə dəyişikliklərin əsas səbəbləri bunlardır:

  • Müəllimin rolu şagirdlərə informasiyanın ötürülməsi ilə məhdudlaşmamalıdır. O, uşaqlarda tənqidi və yaradıcı təfəkkürü dəstəkləməli və stimullaşdırmalı, kompüter savadının inkişafına kömək etməli, birgə fəaliyyət bacarığı tərbiyə etməli, onlara effektiv ünsiyyət qurmağı və müxtəlif vəziyyətlərdə uğurla hərəkət etməyi öyrətməlidir
  • Müəllimlərin, şagirdlərin öyrənmə tələbatlarını ödəmək üçün  təlim metodları, müasir dövrün  tələblərinə uyğunluğu nöqteyi-nəzərindən tədris proqramlarını yenidən nəzərdən keçirmələri zəruridir
  • Onlayn test sistemi müəllimə şagirdlərin bilik səviyyəsini adekvat qiymətləndirməyə kömək edir
  • İKT-nin  tədris prosesinə cəlb olunması ilə ənənəvi tədris resurslarının bir hissəsinə artıq ehtiyac olmayacaq və onlar dövriyyədən çıxacaq.

Şagirdlərlə aparılan sorğular da tədrisdə İKT-nin istifadənin onlarda özünə inamı və fənnə marağı artırdığını sübut edir. Bildiyimiz kimi, sinifdəki şagirdlərin psixoloji durumu müxtəlifdir. Elə şagirdlər  var ki, dərs zamanı onlar öz cavablarının səhv olduğunu düşünür, həmyaşıdlarından və müəllimdən utanaraq cavab verməkdən imtina edir və bununla da daha passiv vəziyyətə düşürlər. Fərdi kompüter qarşısında əyləşən şagird isə artıq maşından çəkinmir, onunla kompüter arasında əks-əlaqə yaranır,  özünün fikirləşdiyi cavabları kompüterə daxil edir, səhvlərini görür, onları kompüterin köməyi ilə düzəldir, mənfi emosiyalardan uzaq olur və nəticədə özünə inamı artır. Fərdi kompüterdən istifadə etdikdə hər bir şagird verilən mövzunu başa düşmədikdə izahatı təkrar izləmə imkanı əldə edir və onu dərk edənə qədər təkrarlayır. İKT nəinki insanın əqli imkanlarını inkişaf etdirir, həmçinin yeni inkişaf perspektivləri, yeni qlobal mədəniyyət sistemi yaradır və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün maraqlı imkanlar açır.

Müasir kompüterlər orta məktəbdə xüsusi öyrədici proqramların hazırlanmasında, şagirdlərin bilik və bacarıqlarının yoxlanılması prosesində, tədris prosesinin təşkilində, tətbiqi məsələlərin  həll olunmasında, dərs vəsaitlərinin hazırlanmasında, ev tapşırıqlarının verilməsində (məsələn, İnternetdən istifadə edib müxtəlif nəzəri məlumatların, referatların hazırlanmasında və s.), interaktiv elektron dərsliklərin hazırlanmasında istifadə oluna bilər.

Təhsil islahatının müvəffəqiyyətlə həyata keçirilməsində pedaqoji kadr hazırlığının keyfiyyətinin təmin edilməsi başlıca amildir. Müəllim yalnız nəzəri baxımdan məlumatlı olmamalı, eyni zamanda praktik bacarığı ilə yeni təlim texnologiyalarından səmərəli istifadə etməlidir. Bu baxımdan, müəllimlərin İKT savadlılığının artırılmasına yönəlmiş təlimlərin böyük əhəmiyyəti vardır. Belə təlimlərin keçirilməsində məqsəd, respublikanın orta məktəblərində fənn kurriklumlarının tətbiqinin effektivliyini yüksəltmək üçün müəllimlərin nəzəri və praktik bacarıqlarının, həmçinin informasiya texnologiyaları üzrə biliklərinin artırılmasıdır. Bu istiqamətdə keçirilən layihələrdən biri də Təhsil Nazirliyi və “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi arasında bağlanan müqaviləyə əsasən 2014-2015-ci tədris ilində ibtidai sinif müəllimləri və inzibati idarəetmə heyəti üçün keçirilən İKT savadlılığının artırılmasına yönəlmiş təlimlərdir. Təlimlər təlim iştirakçılarında İKT bacarıqlarının formalaşmağı istiqamətində qurulan praktik məşğələlər əsasında keçirilir. Təlim zamanı İKT qurğularından, kompüterin müəyyən tətbiqi proqramlarından, interaktiv lövhələrdən, internetin imkanlarından tədris prosesində səmərəli və məqsədyönlü istifadə bacarqılarına yiyələnən müəllimlər təlimdən sonra da öyrəndikləri bilik və bacarıqları dərslərində istifadə edirlər. Təlimdən keçən müəllimlər artıq müasir informasiya kommunikasiya alətlərindən istifadə edərək dərsləri şagirdlərin marağına uyğun qururlar, müxtəlif kompüter proqramlarında öz fənni üzrə hazırladığı elektron resursdan istifadə edir və ya fənninin məqsədinə uyğun internetdən tapdığı hazır elektron resurslardan yararlanırlar. Təlimlərimizdən keçən və tədris prosesində İKT-dən mütəmadi istifadə edən müəllimlər bu dərslərin tətbiqindən sonra şagirdlərdə formalaşan iki bacarığa xüsusi diqqət yetirirlər:

  • İnternetdən mütəmadi olaraq özünə lazım olan informasiyanı araşdıran və yeni əldə etdiyi biliyi internetdə paylaşan şagirdlərdə sonrakı fəaliyyətləri zamanı sərbəst öyrənmə bacarıqları formalaşmış olur. Bu şagirdlər kollektiv öyrənmə və informasiya mübadiləsi prosesinə asanlıqla cəlb olunurlar
  • İnternet vasitəsi ilə informasiya mübadiləsi zamanı virtul ünsiyyət bacarıqlarına yiyələnən şagirdlərdə özünəinam hissi artır.

Özündə  yalnız  bilikləri  birləşdirən  ənənəvi  yaddaş  məktəbini  müasir  dövrün  stan-dartlarına cavab  verən  məntiqi,  tənqidi,  yaradıcı  təfəkkür  məktəbinə  çevirməkdə  və  şagirdlə-rin  marağını  nəzərə  almaqla,  onlarda  İKT-dən  istifadə  bacarıqlarını  formalaşdırmaqda qarşı-sına  qoyduğu  məqsədə çatması üçün müəllimlərə bu maraqlı və yaradıcı yolda uğurlar arzulayırıq.

İstifadə olunan ədəbiyyatlar:

1.      Z. Veysova “Fəal təlim”
2.      “Azərbaycan müəllimi” qəzeti
3.      Журнал “Международный журнал экспериментального образования”