Dekabr ayında görülmüş işlərin hesabatı

22.01.2016
“İTE” əlavə təhsil mərkəzinin Proqram şöbəsi dekabr ayı üçün aylıq hesabatını təqdim edir. 

“İTE - Təhsildə İnnovativ Texnologiylar” əlavə təhsil mərkəzi hər ay olduğu kimi bu ay da aylıq hesabatı ilə təşkilatın gördüyü işlər və planlar haqqında məlumatları oxucularının diqqətinə çatdırır. Bu hesabat vasitəsilə oxucular proqram şöbəsinin ölkə üzrə həyata keçirdiyi layihələrin miqyası, məzmunu və əhəmiyyəti barədə ətraflı məlumatlar əldə edə bilərlər. 

2015-ci ilin oktyabr ayından başlayan "Fənn müəllimləri və ibtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə" layihəsi noyabr, dekabr aylarını da əhatə etməklə uğurla başa çatmışdır. Qeyd edək ki, layihə Bakı şəhəri ilə yanaşı Azərbaycanın bölgələrini – Oğuz, Goranboy və Kəlbəcər rayonlarından olan müəllimləri də əhatə etmişdir. İbtidai sinif müəllimləri üçün keçirilən təlimlərdə ümumilikdə 488,  fənn müəllimləri üçün nəzərdə tutulan İKT təlimlərində isə 323 müəllim iştirak etmişdir. Bu təlim çərçivəsində müəllimlərdə kompüterdən, veb alətlərdən və elektron lövhədən istifadə, həmçinin, İKT-nin tədris prosesində tətbiqinə dair nəzəri biliklər əsasında praktik bacarıqlar formalaşdırılır. İKT-nin təhsilə tətbiqi istiqamətində aparılan siyasət təhsildə texnologiyaların tətbiqinin genişlənməsinə, təhsilin infrastrukturunun müasirləşməsinə, tədris prosesində müasir texnologiyaların istifadəsinə şərait yaradacaqdır. Bu isə öz növbəsində informasiya kommunikasiya texnologiyaları əsaslı təlim metedologiyasının tədris prosesində tətbiqinə dəstək göstərəcək, müəllimlərin bu sahə üzrə peşəkarlığını təkmilləşdirəcəkdir.

Oktyabr ayından etibarən Bakı şəhərinin 28 ümumtəhsil məktəbinin pedaqoji və inzibati - idarəetmə heyəti üçün təşkil olunan mentorluq xidməti dekabr ayında yekunlaşmışdır. Azərbaycanda ilk dəfə olaraq “İTE” əlavə təhsil mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən  “Təlim keçmiş müəllimlər və inzibati-idarəetmə həyətinin İKT-nin tədrisdə tətbiqini dəstəkləmək məqsədi ilə mentorluq xidmətinin təşkili” layihəsi ölkənin təhsil siyasətində mühüm yer tutur. Layihənin məqsədi müxtəlif İKT təlimlərindən keçmiş müəllimlər və inzibati-idarəetmə heyəti üzvlərinə İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) təhsildə tətbiqi və müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mentorluq xidmətinin təşkilidir. Layihə çərçivəsində xidmət göstərən mentorlar dəstək göstərdikləri müəllimlərlə fərdi görüşlər təşkil etmiş və oların İKT-nin təhsilə tətbiqi istiqamətində peşəkarlıq səviyyələrini təkmilləşdirmişlər. Müəllimlərlə apardığı söhbətlərə, onların dərslərini müşahidə etməklə əldə etdiyi nəticələrə uyğun olaraq, mentorlar, dəstək göstərəcəyi müəllimlərin peşəkar inkişaf ehtiyaclarını müəyyən etmiş və bu ehtiyaclara uyğun olaraq fərdi və qrup görüşləri həyata keçirmişlər. Layihənin məqsədlərinə uyğun olaraq mentorlar müəllimlərə İKT-nin təhsildə tətbiqi ilə yanaşı, onlara kurikulumun, uşaq ↔ valideyn ↔ müəllim ↔ şagird münasibətlərinin qurulması və tənzimlənməsinə də  dəstək göstərmiş və müəllimləri maraqlı, yaradıcı dərslərin planlaşdırılması istiqamətində təkmilləşdirmişdirlər. Bu təkmilləşmənin müsbət nəticəsi olaraq müəllimlər şagirdləri ilə birgə layihələr planlaşdırmış və həyata keçirmişlər.

Dekabr ayında uğurla başa çatmış digər layihələrdən biri də Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında həyata keçirilmiş “1 şagird: 1 kompüter” layihəsi olmuşdur. Noyabr və dekabr aylarında layihə çərçivəsində ümumilikdə 161 nəfər müəllim üçün planşetlərlə təmin olunmuş bir neçə məktəbdə təlim keçirilmişdir. Ümumilikdə isə 2014-2015-ci illər ərzində 415 müəllim bu təlimdə iştirak etmişdir. Layihənin əsas məqsədi müasir dövrün tələblərinə cavab verən mobil sinif otağı, yəni 1 şagird:1 kompüter elektron tədris mühitini yaratmaqla informasiya və konsepsiya baxımından zəngin yeni tədris mühitinə keçidi təmin etməkdə müəllimlərə dəstək olmaqdır. Classroom Management proqramından istifadə etməklə müəllimlər ilə təhsilalanlar arasında qarşılıqlı əlaqə təmin edilir ki, bu da səyyar tədris modelinin uğurlu şəkildə tətbiq edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan təhsilində bu istiqamətdə təlimlər təşkil edən, müəllimlərin mobil sinif mühitinin yaradılmasına dəstək göstərən yeganə əlavə təhsil mərkəzi “İTE - Təhsildə İnnovativ Texnologiyalar”dır.

Qeyd edək ki, “İTE” əlavə təhsil mərkəzi 2015-ci ilin dekabr ayı ərzində planlaşdırdığı digər bütün layihələri də uğurla yekunlaşdırmış və növbəti il üçün əsas hədəflərini müəyyən etmişdir.

“İTE - Təhsildə İnnovativ Texnologiyalar”  əlavə təhsil mərkəzinin mətbuat xidməti