İTE əlavə təhsil mərkəzi fevral ayı üçün aylıq hesabatını təqdim edir.

04.03.2016

“İTE – Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi fevral ayı üçün görülən işlər barədə aylıq hesabatını təqdim edir.      

Təlim və layihələr
    
          
“Təlim keçmiş müəllimlər və inzibati-idarəetmə həyətinin İKT-nin tədrisə tətbiqini dəstəkləmək məqsədi ilə mentorluq xidmətinin təşkili” Bakıda bir çox məktəbi əhatə etməklə davam etdirilir. Belə ki ötən ay ərzində mentorluq xidmətinin təşkil olunacağı növbəti 29 məktəb və 450 müəllim müəyyənləşdirilmiş, xidmət göstərəcək mentorlar təlimatlandırılmış və məktəb rəhbərləri, həmçinin, müəllimlərlə görüşlər təşkil olunaraq layihə barədə ətraflı məlumatlandırılmışlar. Layihənin məqsədi müxtəlif İKT təlimlərindən keçmiş müəllimlər və inzibati-idarəetmə heyəti üzvlərinə İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) təhsildə tətbiqi və müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mentorluq xidmətinin təşkilidir. Qeyd edək ki, İTE əlavə təhsil mərkəzi hazırda dünya praktikasında çox geniş istifadə olunan bu layihənin Azərbaycan təhsil mühitində də yüksək səviyyədə və geniş miqyasda tətbiq olunmasına ən çox töhfə verən qurum – əlavə təhsil mərkəzidir.

İTE əlavə təhsil mərkəzi daim müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə ixtisaslı və yüksək hazırlıqlı professional təlimçilərin yetişdirilməsində maraqlı olmuşdur. Bu baxımdan Intel “Gələcək üçün Təhsil” V10 layihəsi üzrə təlimçiliyə namizədlər üçün Təlimçi Təlimi həyata keçirilməsi fevral ayında görülən işlər sırasında önəmli yer tutur. Təlimdə iştirak edən 22 namizəd təlim proqramı, təlim metodologiyası və mexanizmi ilə daha yaxından tanış olmuşdur. İTE əlavə təhsil mərkəzinin peşəkar təlimçilər yetişdirməkdə əsas məqsədi ümumtəhsil məktəblərində müəllimləri tədris prosesində layihə üsulunun və kurikuluma əsaslanan layihələrin tətbiqi, müasir təlim strategiyaları, qiymətləndirmə üsulları və alətləri ilə tanış etməkdir.

2015-ci ilin oktyabr ayından başlayan "Fənn müəllimləri və ibtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə" və "İnzibati idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılması" layihələri 2016-сı ilin fevral ayında da uğurla davam etmişdir. Təlim çərçivəsində müəllimlərdə kompüterdən, veb alətlərdən və elektron lövhədən istifadə, həmçinin, İKT-nin tədris prosesində tətbiqinə dair nəzəri biliklər əsasında praktik bacarıqlar formalaşdırılır.

Uğurlar                
Ötən ay GlobalLab və İTE əlavə təhsil mərkəzi arasında bağlanmış qarşılıqlı əməkdaşlıq sazişinin öhdəliklərinin bir hissəsi olaraq, layihənin ümumtəhsil məktəblərində təqdimatları davam etməkdədir. İTE əlavə təhsil mərkəzinin nümayəndələri Bakı və Zaqatalada ümumilikdə 5 məktəbdə GlobalLab layihəsinin təqdimatını keçirmiş, Avropa Liseyində layihə ilə bağlı UNESCO tərəfindən təşkil olunan konfransda iştirak etmişdir. Qeyd edək ki, layihəyə müəllim və şagirdlər tərəfindən maraq çox yüksəkdir və nəticə etibarı ilə layihəyə qoşulanların sayı getdikcə artmaqdadır. Xatırladaq ki, GlobalLab bütün yaş kateqoriyalı tədqiqatçıları birləşdirən və bilik qazanma, tədqiqat bacarıqlarının inkişafına dəstək verən bir icmadır. Bundan əlavə, icma, pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr hazırlamaq, onları icra etmək və 61 ölkədən 120.000-dən çox istifadəçisi olan bu maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. 

Fevral ayı ərzində “İTE” əlavə təhsil mərkəzinin fəaliyyətinin və layihələrinin tanıdılması, bu layihələrin və fəaliyyətin ümumilikdə Azərbaycan təhsil mühitinə verdiyi töhfə və faydaların  ictimaiyyətin, təhsil işçilərinin diqqətinə çatdırılması, həmçinin, onların öz sahələrində daim müvəffəqiyyət qazanmağın mümkünlüyü barədə motivasiya edilməsi və özünə inam hisslərinin formalaşdırılması məqsədilə keçirilən “Pedaqoji fəaliyyətdə uğura aparan yol” adlı silsilə seminar-məşğələlər İsmayıllı, Ağdaş və Göyçay rayonlarında davam etdirilmişdir və növbəti aylarda da müxtəlif bölgələrdə keçirilməsi planlaşdırılır.           

Öz çəkisinə görə ötən ay əldə olunan uğurlar sırasında “İTE – Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinə İqtisadiyyat Nazirliyi tərəfindən yeni lisenziyanın verilməsi ən mühüm yer tutur. Bunun özəlliyi ondan ibarətdir ki, verilmiş lisenziya “İTE – Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinə bir əlavə təhsil mərkəzi kimi müddətsiz fəaliyyət göstərməyə imkan verəcək.

"İTE - Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidməti